Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü böyük sevinc və qürurla qeyd edirik.
34 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət olduğunu təsdiqlədi.
1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi möhkəmləndirdi və əbədiləşdirdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, qarışıqlıq aradan qaldırıldı və Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.
2022-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” qanunu qəbul etdi. Beləliklə, mayın 28-i – Müstəqillik Günü, oktyabrın 18-i isə – Müstəqilliyin Bərpası Günü kimi xalqımız tərəfindən qeyd olunur.
Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarını azad etmək və ərazi bütövlüyünü bərpa etmək idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qətiyyət göstərərək dövlətimizin suverenliyini bütün ərazilərində təmin etdi.
Müstəqilliyimiz əbədi, dövlətimiz daim güclü olsun!
Bayramınız mübarək!