НОВОСТИ

8 NOYABR — ZƏFƏR GÜNÜ

Hörmətli müəllimlər, əməkdaşlar və tələbələr!

Əziz həmvətənlər!

Bu gün qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən beş il keçir. Bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmişdir.

Beş il əvvəl Azərbaycan xalqı öz torpaqlarını erməni işğalından azad edərək tarixi ədaləti bərpa etdi. 44 gün davam edən Vətən müharibəsi tariximizə və yaddaşımıza qızıl hərflərlə həkk olundu.

2020-ci il sentyabrın 27-də erməni tərəfinin cəbhə xətti boyunca törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Rəşadətli Azərbaycan Ordusu 5 şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 4 qəsəbəni (Mincivan, Ağbənd, Bartaz, Hadrut), 286 kəndi və Qarabağda çoxsaylı strateji yüksəklikləri erməni işğalından azad etdi. Bu əməliyyat müasir hərb tarixinin ən uğurlu səhifələrindən birinə çevrildi.

2023-cü il 19–20 sentyabr tarixlərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və nəticədə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu.

Uzun illər davam edən erməni işğalına son qoyularaq bütün Azərbaycan torpaqları azad edildi. Azərbaycan hərbçiləri bir daha böyük qəhrəmanlıq və şücaət nümayiş etdirərək yüksək peşəkarlıqlarını sübut etdilər. Biz Ordumuzla, Vətənimizin igid müdafiəçiləri ilə fəxr edirik!

Əlbəttə, bütün dünya azərbaycanlıları Qələbənin əldə olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anır.

Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuşdur. Onların arasında M.V. Lomonosov adına MDU-nun Bakı filialının 2016-cı il məzunları – Quliyev Namiq Natiq oğlu və Ulubəyov Nurəhməd Hacıbəy oğlu da var.

Quliyev Namiq (Tətbiqi riyaziyyat fakültəsi) Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda Xocavənd rayonunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuşdur.

Ulubəyov Nurəhməd (İqtisadiyyat fakültəsi) isə Füzuli şəhərinin erməni işğalından azad edilməsi zamanı, Yuxarı Seyidəhmədli kəndi yaxınlığında gedən döyüşlərdə həlak olmuşdur.

2023-cü ildə filialın Filologiya fakültəsinin məzunu Sədiyev Fərid Mehman oğlu da şəhidlik zirvəsinə ucalmışdır. Fərid 2020-ci il Vətən müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd və Cəbrayılın azad edilməsinə görə üç medal, eləcə də “Vətən müharibəsində iştirakına görə” medalı ilə təltif olunmuşdur. O, sonradan RPS Energy Ltd şirkətində dron-minaaxtaran operatoru kimi çalışırdı. 2023-cü il aprelin 28-də Fərid Sədiyev və onun iki əməkdaşı Tərtər rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında minaya düşərək həlak olmuşlar.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olmuş, 511 nəfər yaralanmışdır. Biz onların doğma torpaqlarımızın azadlığı uğrunda göstərdikləri igidliyi heç vaxt unutmayacağıq.

Həmçinin müharibə dövründə mülki əhali arasında da ağır itkilər olmuşdur: 94 dinc sakin, o cümlədən 12 uşaq həlak olmuş, 414 nəfər, o cümlədən 50 uşaq yaralanmışdır.

2020-ci ilin 4, 11 və 17 oktyabr tarixlərində döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan Silahlı Qüvvələrinin ballistik raket hücumları nəticəsində 26 dinc sakin, o cümlədən uşaqlar həlak olmuş, 120-dən çox insan yaralanmışdır.

2020-ci il oktyabrın 28-də isə Ermənistan Silahlı Qüvvələri “Smerç” reaktiv yaylım atəşi sistemi ilə Bərdə şəhərinin mərkəzinə iki raket atmış, nəticədə 21 nəfər həlak olmuş, 70 nəfər, o cümlədən 8 uşaq və 15 qadın müxtəlif dərəcəli xəsarətlər almışdır. Müharibə dövründə düşmən tərəfindən 3410-dan artıq ev, 120 çoxmərtəbəli bina, çoxlu sayda məktəb, xəstəxana və uşaq bağçası dağıdılmışdır.

Biz Qələbə ilə evə qayıdan məzun və əməkdaşlarımızla qürur duyuruq!

MDU-nun Bakı filialının İqtisadiyyat fakültəsinin 2019-cu il məzunu Xalıqov Cavid Əhməd oğlu “Vətən uğrunda” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.

Filialın əməkdaşı Qocayev Qəzənfər Müzəffər oğlu və onun iki oğlu – Ayxan və Müzəffər könüllü olaraq cəbhəyə yollanmış, çiyin-çiyinə vuruşaraq qəhrəmanlıq göstərmişlər. Qəzənfər Qocayev “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. O, Birinci Qarabağ müharibəsinin də veteranıdır və biz onun necə igid övladlar yetişdirdiyinin şahidiyik.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Burada bütün millətlərin və dinlərin nümayəndələri azad və mehriban şəraitdə yaşayırlar. Bu amil bizi bütün sınaqlardan alnıaçıq çıxmağa və sonda Qələbə qazanmağa sövq edən əsas güclərdən biri olmuşdur.

Sevindirici haldır ki, azad edilmiş torpaqlar uzun illər davam edən işğalın qaranlıq izlərindən təmizlənərək bərpa olunur, doğma sahiblərinin qayğısı ilə dirçəlir. Qafqazın incisi Şuşa yenidən çiçəklənən şəhərə çevrilir, Füzuli, Ağdam və digər şəhər, qəsəbə və kəndlər canlanır.

Bu gün Azərbaycanın üçrəngli bayrağı 33 il əvvəl 600-dən çox günahsız azərbaycanlının erməni terrorçuları tərəfindən qətlə yetirildiyi Xankəndi və Xocalıda dalğalanır.

“Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Qayıdan ailələrin rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün bütün zəruri işlər görülür: yeni evlər, məktəblər, xəstəxanalar, kitabxanalar, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları tikilir, kənd təsərrüfatı bərpa olunur. Qarabağın bərpası, yenidənqurulması və inkişafı sürətlə davam edir.

Bu quruculuq tədbirləri ilə biz hər zaman sülhə can atdığımızı nümayiş etdiririk. Lakin eyni zamanda Qələbəmizlə sübut etdik ki, azadlığımıza və ərazi bütövlüyümüzə yönəlmiş hər bir təhdidə sərt cavab verməyə daim hazırıq.

Buna görə də Azərbaycanın mövqeyi və nüfuzu təkcə bölgədə deyil, beynəlxalq arenada da gündən-günə möhkəmlənir.

Biz keçmişimizlə fəxr edir, gələcəyimizə inamla baxırıq!

Zəfər Gününə həsr olunmuş tədbir M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında rektor, akademik Nərgiz Paşayevanın iştirakı ilə keçirilmişdir.

Tədbir rəsmi açılış mərasimi ilə başlanmış, hörmətli akademik Nərgiz Paşayeva çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın hərbi və mənəvi qüdrətindən, şəhidlərimizin uca xatirəsindən bəhs etmişdir:

“Hörmətli həmkarlar, müəllimlər, əziz tələbələr!

Qədim tarixə malik olan doğma Azərbaycanın şanlı Zəfər bayramı mübarək olsun! Qələbəmiz Azərbaycan tarixinə, bu gününə və gələcəyinə qızıl hərflərlə yazılıb. Bu, yaddaş, tarix və millət salnaməmizdə daim qürur və fəxarət hissi doğuran bir hadisədir.

İllərlə həsrətlə gözlədiyimiz bu qələbə nəhayət reallığa çevrildi. Qələbəmiz bizi əsarətdən, düşmən güllələrindən, torpaqların işğalından, soyğunçuluqdan, analarımızın, qızlarımızın, gəlinlərimizin iztirab və göz yaşlarından qurtardı. Biz bunu müstəqil və müasir Azərbaycanda görür və dəyərləndiririk.

Bu böyük qələbə ədalətsizliyə son qoydu. O, Azərbaycan oğullarının, igidlərin, əsgərlərin, könüllülərin, şəhid və qazilərin qürurunu, hünərini, rəşadətini, Vətənə olan məhəbbətini və ehtiramını tarixə yazdı.

Biz o qələbənin müasirləri, onu görən və yaşayan insanlar kimi, onun layiqli və vicdanlı davamçıları olmalıyıq. Kimliyindən, sənətindən və həyat yolundan asılı olmayaraq, biz heç nəyi və heç kimi unutmamalıyıq.

Biz torpağın, əsgərin və şəhidin qanının, ana Vətənin, müstəqilliyin, insan həyatının və müharibəsiz, xoşbəxt, əmin-aman həyatın müqəddəsliyini həmişə yadımızda saxlamalıyıq.

Əminəm ki, elə də olacaq. Gələcəkdə gənc nəsillər müstəqil, azad və zəfər çalmış Azərbaycanda yaşayacaq, Vətənin adını uca tutacaq, öz valideynlərinə, müəllimlərinə və universitetə ehtiramla yanaşaraq Azərbaycanın bu gününü gələcəyə daşıyacaqlar.

Bir daha hamınızı bu münasibətlə təbrik edir, hər birinizə səmimi qəlbdən cansağlığı və ruh yüksəkliyi arzulayıram.

Böyük sevgi və ehtiramla müəllim və tələbə heyəti tərəfindən hazırlanmış proqramı açıq elan edirəm.

Təşəkkür edirəm!”

Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmiş, Vətən müharibəsinə həsr olunmuş videoçarxa baxmış və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirin aparıcıları –  İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Rauf Ağayev və Psixologiya fakültəsinin  II kurs tələbəsi Tahirə Maqsudova olmuşdur.

Proqram çərçivəsində Filologiya fakültəsinin III kurs tələbəsi Liana Eyvazova Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndirmiş, Filologiya fakültəsinin II kurs magistrantı Mariya Petriyenko isə Qarabağ və Şuşa mövzusunda yazdığı müəllif şeirini –  “Xarı bülbül” adlı kompozisiyanı təqdim etmişdir.

Tədbirdə həmçinin Psixologiya fakültəsinin II kurs tələbəsi Sabina Namazova “Ay Laçın” rəqsi ilə çıxış etmişdir.

Musiqi hissədə Filologiya fakültəsinin məzunu Aslan Əliyev Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etmiş, pianoda onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Muxtar Abseynov müşayiət etmişdir.

Tədbirin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq Azərbaycan bayraqlarını qaldırmış və birgə “Qarabağ Azərbaycandır! Yaşasın Qalib Azərbaycan!” şüarını səsləndirmişlər.

Zəfər gününə həsr olunmuş tədbir böyük ruh yüksəkliyi ilə yekunlaşmışdır.

Vətən müharibəsində əldə edilən şanlı Qələbənin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!

Zəfər Günümüz mübarək!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!