9 noyabr – Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı müstəqil dövlətimizin suverenliyinin, milli birliyimizin rəmzidir.
Bizim bayrağımız – üç rəng və bir mənəvi bütövlükdən ibarətdir.
Mavi rəng – türk köklərimizin, əcdadımızdan gələn mənəvi gücün simvoludur;
Qırmızı rəng – müasirlik, inkişaf, elm və azad düşüncənin ifadəsidir;
Yaşıl rəng – mənəviyyatımızın, inancımızın və əbədi həyatın rəmzidir.
Bayrağımızın üzərindəki ay – işıq, nur və yenilənmənin, ulduz isə səkkizguşəli forması ilə türk dünyasına mənsubiyyətimizin, birliyimizin nişanəsidir. Bu bayraq – tariximizin, kimliyimizin və gələcəyimizin bir aynasıdır.
Bu gün üçrəngli bayrağımız Vətənimizin hər guşəsində, o cümlədən 2020-ci ildə erməni işğalından azad edilmiş torpaqlarımızda, şəhər və kəndlərimizdə qürurla dalğalanır. Fərəhlə qeyd etməliyik ki, Şuşa, Xankəndi və Xocalı kimi doğma şəhərlərimizin səmalarında ucalan müqəddəs bayrağımız xalqımızın zəfər ruhunu zirvələrdə yaşadır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Dövlətimizin başçısı üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayır: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir!”
Qoy müqəddəs üçrəngli bayrağımız əsrlər boyu azadlıq, sülh və qələbə rəmzi kimi qalib Azərbaycan xalqının əzəli torpaqları üzərində əbədi dalğalansın!
Əziz həmvətənlər! Sizi ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayırıq!
Var olsun qüdrətli Azərbaycan!