Размер шрифта

Интервал между символами

Цветовая схема

Изображения

ОБЫЧНАЯ ВЕРСИЯ САЙТА

20 Yanvar faciəsindən 36 il ötür

20 Января, 2026

Bu gün Azərbaycanda milli iradənin, sarsılmaz ruhun və ümumxalq həmrəyliyinin rəmzinə çevrilmiş 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi birləşmələri Bakıya yeridilərək, müstəqil dövlətçilik idealları və suverenlik uğrunda ayağa qalxmış dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla kütləvi qırğın törətmişlər. Bu qanlı cinayət nəticəsində 147 Azərbaycan vətəndaşı amansızcasına qətlə yetirilmiş, 638 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir. Azərbaycan xalqına qarşı yönəlmiş bu vandalizm aktı mahiyyət etibarilə soyqırımı olmaqla yanaşı, insan hüquqlarının və beynəlxalq hüquq normalarının ən ağır şəkildə pozulmasıdır.

Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləmiş, baş verənləri terror aktı və silahsız əhaliyə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirmişdir. Onun bu tarixi bəyanatı faciənin həqiqi miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması və azadlıq uğrunda mübarizənin ideya-siyasi əsaslarının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmişdir.

Hər il 20 Yanvar – Ümumxalq Hüzn Günündə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut elan olunur, dövlət bayraqları endirilir, ölkə boyunca matəm səsləri ucalır. Bakının ən uca nöqtəsində qərar tutan Şəhidlər xiyabanı “Qanlı Yanvar” şəhidlərinin müqəddəs xatirəsini ehtiramla anmaq üçün ora üz tutan milyonlarla vətəndaşın, dövlət xadimlərinin və xarici ölkələrin diplomatik nümayəndələrinin ziyarətgahına çevrilir.

Bu gün, onilliklər sonra Azərbaycan öz dövlət müstəqilliyini qətiyyətlə qorumaqla yanaşı, tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü tam şəkildə təmin etmiş qüdrətli bir dövlət kimi çıxış edir. 20 Yanvar faciəsi hər birimizə milli ruhun yenilməzliyini və azadlığın hansı böyük qurbanlar hesabına qazanıldığını daim xatırladır.

Azərbaycanın azadlığı və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!